Kliniki Tibbi Mərkəzdə orqan donorluğu və transplantasiyası sahəsində fəaliyyət göstərən həkim kollektivi ilə görüş keçirilib.
Tədbiri Kliniki Tibbi Mərkəzin direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-anestezioloq-reanimatoloq Musa Abbasov açaraq, orqan donorluğu və transplantasiyası sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə açılış nitqi ilə çıxış edən Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində görülən işlər, beyin ölümü diaqnozunun müəyyənləşdirilməsi, donor orqanlarının aşkar edilməsi və transplantasiyaya cəlb olunması ilə bağlı məsələlərdən danışıb.
Yeganə Abbasova bildirib ki, 2020-ci ilin oktyabrında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qəbul edilib. O, qanunvericiliyə və mövcud tibbi protokollara əsasən, reanimasiya tədbirlərinin yalnız beyin ölümünün müəyyən edildiyi hallarda dayandırıla biləcəyini diqqətə çatdırıb.
Qeyd edilib ki, beyin ölümü protokolu 2023-cü ildə hazırlanaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən təsdiqlənib. Bildirilib ki, Azərbaycanda meyit donordan alınan orqanların transplantasiyası üzrə həyata keçirilən əməliyyatlar, eləcə də bu istiqamətdə formalaşan praktika ölkəmiz və Qafqaz regionu üçün mühüm mərhələ təşkil edir.
Mərkəz sədri qeyd edib ki, bütün həkimlərin əsas missiyası insanlara şəfa vermək və onların sağlamlığını bərpa etməkdir. Bu missiyanın daha səmərəli həyata keçirilməsi üçün dövlət qurumları, tibb müəssisələri və həkim kollektivləri arasında birgə və sistemli fəaliyyət mühüm əhəmiyyət daşıyır.
Mərkəz sədrinin sözlərinə görə, hazırda Azərbaycanda orqan transplantasiyası gözləyən vətəndaşların sayı 1 500-ə yaxındır və gözləmə siyahısında olan vətəndaşların müalicəsinin təmin edilməsi üçün donor orqanlarına ciddi ehtiyac var. Birgə və sistemli fəaliyyət nəticəsində həm ölkə, həm də orqan transplantasiyasına ehtiyacı olan vətəndaşlar üçün əhəmiyyətli nəticələr əldə etmək mümkündür.
Yeganə Abbasova, həmçinin, Azərbaycanda 4 200-dən çox dializ xəstəsinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu xəstələrin bir qismi üçün böyrək transplantasiyası həyat keyfiyyətinin yaxşılaşdırılması və uzunmüddətli müalicə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə vurğulanıb ki, orqan donorluğunun inkişafı yalnız tibb sahəsinin deyil, bütövlükdə cəmiyyətin iştirakını tələb edən mühüm ictimai məsələdir. Donor orqanlarının sayının artırılması üçün əhalinin məlumatlandırılması, maarifləndirmə işlərinin gücləndirilməsi və orqan donorluğu mədəniyyətinin formalaşdırılması vacib istiqamətlərdəndir.
Çıxışının sonunda Mərkəz sədri Qarabağ müharibəsində Vətən uğrunda sağlamlığını itirmiş və orqan transplantasiyasına ehtiyacı olan yüzlərlə müharibə iştirakçısı və qazinin də donor orqanlarına ehtiyac duyduğunu diqqətə çatdırıb. O bildirib ki, orqan donorluğunun inkişafı transplantasiyaya ehtiyacı olan bütün vətəndaşlar, o cümlədən müharibə iştirakçıları və qazilər üçün əlavə həyat şansı yarada bilər.